İslam dinində insan orqanizminə, onun ağıl və malına, eləcə də cəmiyyət
və dinə zərərli olan hər şey qadağandır. Siqaretdə bu kimi
xüsusiyyətlərin hamısı olduğuna görə onu çəkmək halal deyil.
Gəlin, məsələni müxtəlif cəhətlərdən qiymətləndirməyə çalışaq:
1- Siqaret çəkmək hər şeydən əvvəl bədənə zərərlidir. Bədən isə Allahın
insana verdiyi bir əmanətdir. Onu yaxşıca qoruyub, sahibinə istədiyi
kimi qaytarmaq lazımdır. Misal üçün, bir şəxsin əlini, ayağını və sairə
kimi bədən üzvlərini: "Əşi, bunlar mənim özümündür, özüm bilərəm”, –
deyib kəsməyi halal olmadığı kimi siqaret çəkməklə özünə zərər vurmağı
da halal deyil.
Siqaret çəkməyin orqanizmə zərərli olması tibb mütəxəssisləri tərəfindən
sübuta yetirilmiş və bu bütün bəşəriyyətə bildirilmişdir. Hətta elmi
araşdırmalar vasitəsilə sübut edilmişdir ki, xərçəng xəstəliklərinin 90
faizindən çoxu siqaret çəkmək nəticəsində baş verir.
2 – Siqaret çəkmək mal-dövlətə, necə deyərlər, cibə də ziyan vurur.
Çünki siqaret çəkən şəxs onu müəyyən bir məbləğ müqabilində satın alır
və beləliklə, siqaret almaq üçün xərclənən pul zərərli bir işə sərf
edilir. Bunu hamı bilir. Üstəlik də siqaretə pul verən insan o pulu öz
ailəsinin gündəlik dolanışığı üçün nəzərdə tutulmuş puldan götürüb
xərcləyir.
Əslində hər gün siqaretə sərf edilən pul yığılsa, gələcəkdə o pulla
yaxşı işlər görmək mümkün olar. Məsələn, siqaret üçün xərclənən pul
yuxarıda qeyd edildiyi kimi yığılsa, yığılan məbləğlə bir neçə ildən
sonra Həccə getmək də olar. Misal üçün, siqaret almağa hər gün 2 manat
xərcləyən bir şəxsi götürək. Bu şəxsin aylıq xərci 60 manat (30 x 2),
illik xərci isə 720 manatdır (12 x 60). Belə çıxır ki, 2 ildə siqaret
almağa sərf edilən pul miqdarı 1440 manat təşkil edir. Bu isə o deməkdir
ki, hər hansı bir şəxs 1440 manat müqabilində böyük bir rahatlıqla Həcc
ziyarətinə gedə bilər!
3 – Siqaret cəmiyyətə ziyan vurur. Siqaret tüstüsü atmosferi korladığına
görə siqaret çəkən şəxs başda öz ailəsi olmaqla ətrafındakı insanlara,
daxil olduğu cəmiyyətə və nəhayət, bütün dünyaya zərər verir. Bundan
əlavə, həkimlər bildirirlər ki, özü siqaret çəkməyən və siqaret çəkən
bir şəxslə 4 saat eyni evdə və mühitdə qalan bir insan 10 ədəd siqaret
çəkibmiş kimi zəhərlənir.
Su və hava həyat üçün çox vacib amillərdir. Suyu korlamaq qadağan olduğu
kimi havanı korlamaq da qadağandır. Deməli, bir hovuzun suyuna bir
kürək ağzı gübrə töküb o suyu çirkli və zərərli su vəziyyətinə
gətirməklə siqaret çəkib tüstüsünü havaya qarışdırmaq eyni şeydir.
Siqaret çəkməklə əlaqədar olaraq aşağıdakı ayə və hədisləri göstərmək mümkündür:
"Yanlarındakı Tövrat və İncildə yazılı gördükləri ümmi peyğəmbərə tabe
olanlar… O, onlara yaxşı işlər görməyi buyurub pis işləri qadağan edər.
Onlara təmiz şeyləri halal, pis şeyləri haram qılar. Onların üzərindəki
ağır yükləri qaldırıb boyunlarındakı dəmir halqaları açar. Əsl nicat
tapanlar (qurtuluşa qovuşanlar) o peyğəmbərə inanıb hörmət bəsləyən, ona
kömək edən və onunla birlikdə göndərilən Nura (Qurana) tabe
olanlardır”.
Təmiz şeylər halal, pis şeylər haram olduğuna görə siqaret təmiz deyil və zərərlidir.
"Öz yaxınlarına, miskinlərə və yol üstündə olana haqqını ver!
Əlindəkiləri səpib səpələmə (mal-dövlətini hədər yerə xərcləmə)!
Həqiqətən də, səpib səpələyənlər şeytanın qardaşıdırlar. Şeytan isə
Rəbbinə qarşı çox nankordur”.
Siqaret çəkmək mal-dövləti (insanın əlində olan az, yaxud da çox pulu) səpib səpələmək və israfdan ibarətdir.
Bir hədisdə belə deyilir:
"Zərər çəkmək də yoxdur (olmaz), zərər vermək də”.
Yaxşı məlumdur ki, siqaret çəkənlər həm özlərinə, həm də başqalarına zərər verirlər.
Digər bir hədisdə peyğəmbərimiz (s. a. v.) belə buyurur:
"Kim Allaha və axirət gününə inanırsa, öz yan-yörəsinə əziyyət çəkdirməsin (ziyan verib narahat etməsin)”.
Hamı bilir ki, siqaret çəkənlər öz ailəsi və uşaqlarına, ətrafındakı
insanlara və məsciddə namaz qılarkən yanında duranlara əziyyət verir.
Muhəmməd peyğəmbərdən nəql olunan bir hədisdə belə deyilir:
"Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən
tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz
ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib?
Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?”.
Bu məlumat və dəlillərdən sonra siqaret çəkməyin caiz olmadığını demək heç də çətin deyil.