İnsanlar düşünməklə kosmosa yol açmış, okeanları üzüb keçmiş, atomu parçalamış, yaddan çıxmış dillərin sirlərini öyrənmişlər. Ümumiyyətlə, insan düşüncəsi nədir və o, necə yaranmışdır? Məsələn, insan daşı suya atır – daş batır, ikincisini atır – o da batır. Artıq insan əvvəlcədən bilir ki, üçüncü daşı atsa, o da suyun dibinə gedəcək. Beləliklə, o, bu nəticəyə gəlir ki, bütün daşlar suda batır. Deməli, öz təcrübəsindən çıxardığı nəticə insanın düşünmək qabiliyyətidir. Düşünmək qabiliyyəti olan insan həyatı müşahidə edir, başa düşür, keçmişin izahını verir, gözlə görünməyən şeyləri görür, təbiət hadisələrinin səbəblərini başa düşür, hadisələr arasındakı daxili əlaqəni duyur. Düşünmək insanı yer üzərində ən qüdrətli varlığa çevirir. Məhz bunlara görə də hər kəs düşünməyi bacarmalıdır – öz beynini inkişaf etdirməli, hafizəsini möhkəmlətməli, faktları seçib müəyyən sistemə salmalıdır. Düşünməyi insana kitablar və onu əhatə edən həyat öyrədir. Yeni doğulmuş uşaq hər hansı heyvan balasından düşünməyi bacarmasına görə fərqlənir. Uşağın mərkəzi sinir sistemi və onun əsas şöbəsi olan beynin böyük yarımkürələrinin qabığı belə yaranmışdır. Bu şöbə "düşünmə orqanı” adlanır. Uşağın düşünmək qabiliyyəti müəyyən şəraitdən asılıdır – bunların ən əsaslısı insan cəmiyyətidir. İnsan qarşısında duran, hətta hər hansı sadə məsələ də onu düşünməyə, fikirləşməyə məcbur edir. Ən mürəkkəb məsələləri həll etdikdə də fikirləşməyə tənbəllik etməməli, var qüvvə ilə çalışılmalıdır. İnsan həyatda nə edirsə etsin o, daim müxtəlif hisslər keçirir : qüssə, kədər, sevinc, qəzəb, fərəh və s. İnsan hisslərini ifadə etməyin həddi-hüdudu yoxdur. Bizim insanlara, hadisələrə ,ətrafımızda baş verən hər şeyə münasibətimiz hisslərimizlə ifadə edilir. Tələblərimizin yerinə yetirilməsini, həyatda baş verən hər şeyin nəticəsini bizə hisslərimiz xəbər verir. Biz özümüzdə yaxşı hisslər tərbiyə edə bilərik. Tutaq ki, siz heyvanları sevmirsiniz. Əgər siz müşahidə edib onlara qulluq etməyə başlasanız, sizdə onlara rəğbət hissi yaranar. İnsanlar təkcə düşünmürlər, onlar həm də duyurlar, hiss edirlər. Adamlar sevinc, dostluq, kədər, insaf, xeyirxahlıq kimi hisslər keçirməklə fərqlənirlər. Pis adamlarda isə bunların əvəzinə paxıllıq, acgözlük, ədavət hissləri üstündür. Hisslər bizə anadangəlmə verilmir, onları da düşünmək qabiliyyəti kimi inkişaf etdirmək və tərbiyə etmək lazımdır. Xeyirxah olmağı, insanları sevməyi, onlara rəhm etməyi bacarmaq lazımdır. Pis, yaramaz hissləri özündən kənar etməlisən. Öz-özünə deməlisən : "Bu, insana yaraşan iş deyil”. Demək, əsl insan adına layiq olmaq üçün öz-özünü tərbiyə etməlisən, düşünməyi və duymağı öyrənməlisən. * İradə Kosmonavt tarixdə ilk dəfə kosmik gəmini tərk edib açıq kosmosa çıxır. Alim illər boyu inadla bütün maneələri aradan qaldıraraq elmi kəşflər edir. Bunun üçün, əlbəttə, möhkəm iradəyə malik olmaq lazımdır! İnsanlar belə gözəl xüsusiyyəti necə əldə edirlər? N. Q. Çernışevski göstərmişdir : "İradəli və ağıllı adam möhkəm əqidəyə malik olmaya bilməz”. İradə insanda birdən-birə meydana gəlmir, onu tədricən özündə tərbiyə etməlisən ; özü də şüurlu surətdə, inadla! Hər gün, işdə, təhsildə, idmanda... İradə arzu edilən məqsədə çatmaq yolunda rast gələn çətinliklərlə mübarizədə yaranır və möhkəmlənir. Nizami Gəncəvi iradəyə yüksək qiymət verərək, iradəsizlik barədə belə demişdir : "İradəsiz olma, iradəsizlər ayaqsız qurd kimi yerdə sürünər”. İradi davranışlar həmişə faydalı və xeyirli olur. Bəzən insanlar "mərc gələrək” mənasız və təhlükəli işlər görürlər ki, bununla özlərinin güclü və cəsur olduqlarını sübut etsinlər. Lakin bu yolda iradəli olmaq mümkün deyil. Cəmiyyət və insanlar üçün xeyirli işlər çoxdur. Yalnız iradəli adamlar elmin, həyatın, təbiətin sirlərini öyrənə bilirlər ; onlar böyük incəsənət əsərləri yarada bilir, yüksək nailiyyətlər əldə edirlər. İradəli adamlara kosmos və okean da təslim olur. İnsanlar anadan iradəli doğulmurlar, bu qiymətli cəhəti sonradan qazanırlar.