Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) Türkiyənin tanınmış
müğənnisi Sezen Aksunun Azərbaycanın qədim xalq mahnısı "Sarı gəlin”i
erməni dilində ifa edəcəyi barədə məlumatlara münasibət bildirib.
MHA-dan verilən məlumata görə, bununla bağlı son günlər müxtəlif KİV-də müğənninin öz dilindən məlumatlar yayılıb:
"Əlbəttə, Sezen Aksunun Azərbaycan xalq mahnısını erməni dilində ifa
etməsi onun öz ixtiyarındadır. Lakin yayılan informasiyalardan çıxarılan
nəticə bundan ibarətdir ki, türk millətini təmsil edən və özünü türk
adlandıran Sezen Aksu "Sarı gəlin”i erməni xalq mahnısı kimi təqdim
edəcək. Bu isə həm Türkiyə və Azərbaycan qanunlarına, həm də hər iki
dövlətin üzv olduqları "Ədəbi və bədii əsərlərin qorunması haqqında”
Bern Konvensiyasının tələblərinə ziddir”.
Məlumatda deyilir ki, folklor nümunələrinin qorunmasına dair Ümumdünya
Əqli Mülkiyyət Təşkilatı tərəfindən hələlik beynəlxalq hüquqi alət qəbul
edilməyib. Bununla belə, folklor nümunələrinin qorunması haqqında
Azərbaycan Respublikası xüsusi qanun qəbul edib. Həmin qanuna əsasən,
xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun
tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə
istifadə etmək üçün MHA-dan icazə almalı və qanunvericiliklə müəyyən
edilmiş qaydada haqq ödəməlidir: "Hər bir azərbaycanlıya aydın olan
"Sarı gəlin” mahnısının sözlərinin mənası erməni plagiatçılar üçün
əlçatmaz olub. Erməni musiqisinin banisi S.Komitasın bu mahnının adını
erməniləşdirmək cəhdləri əbəs olub. Ermənilər bu mahnını Azərbaycan
orijinalında olduğu kimi "Sarı gəlin” adı ilə təqdim edir və oxuyurlar”.
MHA S. Aksuya Azərbaycan xalq mahnısı "Sarı gəlin”lə bağlı qeydləri bir
daha oxumağı, bütün türk dünyası üçün son dərəcə həssas və incə bir
məsələdə diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt
kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.
Sezen Aksuya etiraz olaraq, Beynəlxalq Diaspor Mərkəzi (BDM) və
Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) də
martın 19-da saat 15:00-da müğənninin İstanbuldakı evinin qarşısında
etiraz aksiyası keçirəcək. BDM və ASİM-DER həmçinin bu məsələ ilə bağlı
birgə bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, Sezen Aksunun
Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməsi və onu
erməni xor kapellasının müşayiət etməsi bütün Azərbaycan ictimaiyyəti
kimi, biz diasporçuları da narahat edir. "Azərbaycan torpaqlarını işğal
etmiş, 200 ildir Türk dünyasına qarşı soyqırım və terror aktları həyata
keçirən ermənilər mədəniyyətimizə, eləcə də musiqi incilərimizə qarşı
mədəni işğal siyasətlərini davam etdirirlər. Saxta erməni təbliğatının
qarşısına çıxmaq əvəzinə tanınmış türk müğənnisi tərəfindən belə bir
addımın atılması qəbuledilməzdir və bunu şiddətlə qınayırıq. Təəssüflər
olsun ki, Sezen Aksu erməni lobbisinin hiyləsinə ucuz şikar olub. Biz
BDM və ASİM-DER olaraq Azərbaycan və Türkiyə ictimaiyyətini Sezen Aksunu
qınamağa və onun musiqi albomlarını boykot etməyə çağırırıq. Biz Aksunu
erməni yandaşlığından əl çəkməyə, Türk xalqının ona verdiyi böyük ada
hörmət etməyə dəvət edirik", - bəyanatda deyilir.
Qeyd edək ki, Türkiyənin məşhur müğənnisi Sezen Aksu üç ildir üzərində
işlədiyi "Kök" adlı albomuna erməni dilində ifa etdiyi mahnı
yerləşdirəcək. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, üstəlik ifaçı
məhz qədim Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i erməni dilində
səsləndirəcək. Albomda müğənnini erməni xoru müşayiət edəcək.