İmam Baqirdən (ə) nəql edirlər ki, Peyğəmbərimiz (s) buyurardı: "Beş şey
vardır ki, ölənəcən onu tərk etmərəm: yun paltar geyinməyi, palansız
uzunqulağa minməyi, qullarla yemək yeməyi, əllərimlə ayaqqabımı yamamağı
və uşaqlara salam verməyi. Məndən sonra sünnət
olsun deyə”.
Yəhudi necə müsəlman olur
Həzrət İmam Musa ibni Cəfər (ə) atası Əmirəl-möminindən (ə) nəql edir:
"Bir yəhudinin Peyğəmbərdən (s) alacağı var idi. Gəlib, Peyğəmbərdən (s)
pulunu istədi və Peyğəmbər (s) buyurdu: "Pulunu verə bilmirəm". Yəhudi
deyir: "Pulumu verməyincə səndən əl çəkməyəcəyəm".
Peyğəmbər (s) buyurur: "Bu zaman mən də sənin yanında oturacağam".
Həzrət yəhudinin yanında əyləşir və zöhr, əsr, məğrib və işa namazlarını
onun yanında qılır. Peyğəmbərin (s) səhabələri yəhudini qorxutmaq
istədilər. Həzrət onlara baxıb buyurdu:" Onunla nə etmək
istəyirsiniz?" Dedilər: "Ya Rəsullah! Bir yəhudi səni necə öz yanında
həbs edə bilər?" Buyurdu: "Allah məni dindar və ya dindar olmayan ümmətə
zülm etməyim üçün məbus etməmişdir". Gün sona çatanda yəhudi
şəhadətləri deyib, müsəlman oldu. O, dedi: "Sərvətimin bir hissəsini
Allah yolunda bağışlayıram, ey Peyğəmbər! Allaha and olsun ki, sənə bu
qədər əziyyət vermək istəmirdim. Ancaq bilmək istəyirdim ki, Tövratda
yazılan həmin insansan, yoxsa yox? Mən Tövratda sənin haqqında oxumuşam:
Muhəmməd ibni Abdullah, doğulduğu yer Məkkə, hicrət etdiyi yer
Mədinədir. Kobud, əsəbi və qışqıran deyil, danışığında söyüş işlətməz.
Mən Allahın təkliyinə və sənin nübuvvətinə şəhadət verirəm”.
Yoxsulla yemək yemək
İmam Sadiq (ə) atalarından nəql edir: "Peyğəmbərin (s) zamanında
yoxsullar evləri olmadığına görə gecələri məsciddə qalardılar. Peyğəmbər
(s) bir gecə məscidə gəlir və onlarla bir yerdə daş qabın içində iftar
edir. Təxminən 30 nəfər həmin yeməkdən yeyirlər və qalan yeməyi də həyat
yoldaşlarına qaytarır”.
Təvazökarlıq
İbni Abbas deyir: "Peyğəmbər (s) daima torpağın üzərində xalça
sərilmədən oturardı. Torpağın üzərində yemək yeyir və qoyunları özü
sağardı. Qulların dəvətini qəbul edib, onlarla arpa çörək yeyərdi”.
Həzrət İmam Musa ibni Cəfər (ə) Əmirəl-möminindən (ə) nəql edir:
"Peyğəmbəri-Əkrəm (s) daima yaxşılıq və ehsan edirdi. Ancaq insanlar
yaxşılığına görə təşəkkür etmirdilər. O, qureyşə, ərəb və əcəmə çox
yaxşılıq etmişdi. Biz Əhli-beyt (ə) də çox ehsan edən və yaxşı işlər
görənik. Bizim də yaxşılığımızın qədrini bilmirlər. Seçilmiş möminlər də
bizim kimidir”.