Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar Məbada, sənə şiddət üz versə ölüm diləyəsən. Ölüm anında, məbada, Allaha xoşgüman olmayasınız (bəd güman olasınız). Nə qədər ki, bir kəsin işinin aqibətini görməmisiniz, onun əməlindən xoşhal olmayın. Məbada, bir kəsin məhəbbəti sizi haqqa əməl etməkdən saxlasın (yəni, haqqı tanıyasız, lakin ona əməl etməyəsiniz). Məbada, bir kəs yad bir qadınla xəlvət bir yerdə qalsın. Çünki orada üçüncü kəs şeytandır. Heç kəsi Allahın qəzəbi ilə xoşhal etmə və Allahın sənə etdiyi lütfə görə heç kəsə təşəkkür etmə (yəni, ondan başqasına); Allahın səndən əsirgədiyi lütfə görə də heç kəsi məzəmmət etmə. Çünki O, nə ruzini bir kəsin istəyinə əsasən artırır və nə də onu bir kəsin nifrətinə əsasən azaldır. Rəhbərlik istəyin olmasın. Çünki əgər ona istəmədən çatsan sənə kömək edərlər və əgər istədiyin halda çatsan köməkçin olmaz. Qiyamət yaxınlaşan zaman övlad qəzəbə səbəb olar, çoxlu yağış yağar, alçaqlar çox, alicənab insanlar az olar, kiçiklər böyüklərə qarşı və rəzillər kərim insanlara qarşı ədəbsizlik edər, alçaq adamlar yaxşı insanlara qarşı həyasızlıq edər. Məşvərət edən kəs uduzmaz. Əgər rəhbərlər hidayət yolunda olsalar rəiyyət heç vaxt fəlakətə düçar olmaz, baxmayaraq ki, zülmkar və bədəməldirlər. Söhbətlərin bəzisi sehirli, şerlərin bəzisi hikmətamiz, bilik mənbələrinin bəzisi isə cəhalətdir. Mənim ümmətim mərhəmət olunan ümmətdir (yəni, Allahın onlar üzərində lütf və mərhəmət nəzəri var). Əhdə vəfa etmək imandandır. Xoşgümanlıq xoş bir ibadətdir.