Jennifer Lopez də daxil olmaqla dünyanın bir neçə tanınmış müğənnisi bu
ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək 17 yaşadək
qızlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimində
iştirak etmək üçün Bakıya gələcəklər.
Bu
barədə AzadlıqRadiosuna AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr
departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib: «17 yaşlı
qızlar arasında dünya çempionatının açılış mərasimində Jennifer Lopez
ilə yanaşı bir neçə başqa məşhur müğənninin də iştirakı nəzərdə tutulur.
Jennifer Lopezdən artıq ilkin razılıq alınıb. Digərləri ilə bağlı
məsələ təsdiqlənmədiyi üçün onların adlarını hələlik açıqlamırıq».
Jennifer
Lopezə Bakıya gəlməsi üçün hansı məbləğin təklif edilməsi məsələsinə
gəlincə Mikayıl Nərimanoğlu deyir ki, bu məsələlərlə bağlı AFFA-nın
təşkilat komitəsi iş aparır. Ona görə bu barədə ətraflı məlumatlar sonra
yayılacaq.
Sentyabrın 22-də start götürəcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı oktyabrın 13-də başa çatacaq.
Çempionatda iştirak etmək üçün Bakıya 15 ölkənin yığma komandası gələcək. Forbaku.net